10 July 2014

Bank sisteminin növləri.

Dünya praktikasi nəzərə alınmaqla bank sisteminin aşağıdakı tipləri fərqləndirilir:
1.     Mərkəzləşdirilmiş bank sistemi;
2.     Bazar tipli bank sistemi;
3.     Keçid dövrünün bank sistemi.

İnzibati mərkəzləşdirilmiş bank sistemi şəraitində birpilləli sistem fəa­liyyət göstərir və dövlət bankların yeganə mülkiyyətçisi olur. Bankları dövlət özü yaradır, onun təşkilati və idarəetmə strukturlarını müəyyən edir. Zərurət olduqda isə onu ləğv edir. Dövlət tərəfindən vahid bank siyasəti həyata keçirilir və mərkəzləşdirilmiş şaquli idarəetmə üsulu tətbiq edilir. Buna görə də dövlət bankların öhdəliyinə görə cavabdehlik daşıyır. Bankların apardığı əməliyyatların tərkibi, siyahısı dövlət tərəfindən müəyyən edilir. Kreditləşmə və emissiya əməliyyatları bank tərəfindən icra olunur.
İnzibati mərkəzləşdirilmiş bank sistemindən fərqli olaraq bazar iqtisa­diyyatı bank sistemində dövlət inhisarçılığı yoxdur. Bazar şəraitində hər bir təsərrüfat subyekti, yəni hüquqi şəxslər və hətta ayrı-ayrı fiziki şəxslər, döv­lət mülkiyyətli bank istisna olmaqla müxtəlif mülkiyyət formalı banklar yarada bilərlər. Bunun nəticəsində bazar şəraitində çoxsaylı banklar fəaliyyət göstərirlər. Mərkəzləşdirilmiş bank sistemi ilə bazar yönümlü bank sistemi arasında aşağıdakı fərqlər mövcuddur:
Bazar yönümlü bank sistemi şəraitində ikipilləli sistem fəaliyyət göstərir və banklar üzərində müxtəlif mülkiyyət formaları (dövlət, səhmdar, kooperativ, şəxsi, qarışıq və s.) mövcud olur. Bankların yaradılmasında dövlət inhisarı yoxdur, istənilən hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər. Bankların təşkilati və idarəetmə strukturları bank şuraları tərəfindən müəyyənləşdirilir, eyni zamanda bank şuranın qərarı ilə ləğv edilə bilər. Bu sistem şəraitində çoxsaylı banklar siyasəti həyata keçirilir və qeyri-mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz elə bu səbəblərdən də dövlət bankların öhdəliklərinə görə cavabdeh deyil, eyni zamanda banklar da dövlətin öhdəliklərinə görə cavabdeh deyil. Bankların apardığı əməliyyatın tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu sistem şəraitində emissiya əməliyyatlarını yalnız Mərkəzi Bank, müəssisələrin və fiziki şəxslərin kreditləşməsini isə müxtəlif kommersiya bankları icra edirlər.
Azərbaycan Respublikasının da bank sistemi 2 pilləli bank sistemidir.
1) Birinci pillə – Azərbaycan Respublikasının Mərkəzi bankı
2) İkinci pillə – kommersiya bankları və digər kredit müəssisələri, eləcə də xarici bankların filial və nümayəndəlikləri.

No comments:

Post a Comment